REGİONLAR
Naxçıvanda özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub
Naxçıvan, 12 mart, AZƏRTAC
Muxtar respublikada həyata keçirilən uğurlu özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevral ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib.
Özünüməşğulluq proqramının bu mərhələsində 14 ailənin hər birinə 2 baş iribuynuzlu, 9 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 2 ailəyə mini yerşumlayan aqreqat, 2 ailəyə otbiçən aqreqat, 2 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 ailəyə isə təmir-tikinti alət və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 11 nəfərini əlilliyi olan, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan, 1 nəfərini ailə başçısını itirən şəxs, 3 nəfərini müharibə veteranı, 3-ünü isə şəhid ailəsi üzvləri olan şəxslər təşkil edib.
Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Ülvi Rzayev ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını söyləyiblər.
Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Şərur rayonunun Tumaslı kənd sakini Fərmail Quliyev həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğdaqıran aqreqat verilib.