REGİONLAR
Naxçıvanda şəhid ailələrində bayram tədbirləri keçirilib
Naxçıvan, 29 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan şəhər, Şərur, Babək, Ordubad və Culfa Rayon İcra hakimiyyətləri ilə birgə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Qabil Orucəliyevin, Orxan Quliyevin, Elnur Cəfərovun, Cəfər Cəfərovun, Mehdi Zeynalovun, Vüsal Yusiflinin, Ramal Seyidovun evlərində bayram tədbirləri keçirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirlərdə fəal iştirak edən adıçəkilən təşkilatların nümayəndələri çıxışlarında torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin həmişə uca tutulduğunu, onların ailə üzvlərinə daim diqqət və qayğı göstərildiyini vurğulayıblar. Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas tərkib hissəsidir. Bugünkü tədbirlər də göstərir ki, dövlətimiz hər an şəhid ailələrinin yanındadır.
Dövlət qurumlarının təmsilçiləri şəhid ailələrinə hədiyyələr verib, qarşıdan gələn bayramlar münasibətilə onları təbrik ediblər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.