İQTİSADİYYAT
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini təkmilləşdirmişdir
Naxçıvan, 18 yanvar (AZƏRTAC). İnformasiya texnologiyalarının tətbiqi rabitə sahəsində ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmət növlərinin də göstərilməsini zərurətə çevirmişdir.
Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, MR-də həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yeni tipli elektron xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Layihəyə uyğun olaraq, muxtar respublikada 105 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurularaq lazımi proqram təminatı ilə təchiz edilmişdir. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarının, energetika, qaz və su təsərrüfatı müəssisələri işçilərinin iştirakı ilə kurslar təşkil olunmuşdur. 2013-cü il iyulun 1-dən etibarən Naxçıvan şəhərində, oktyabrın 1-dən isə rayon mərkəzlərində və kəndlərdə kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır. Hazırda poçt məntəqələri vasitəsilə kənd yerlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi və müştərilərə genişhəcmli xidmətlər göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Muxtar respublikada poçt işinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən tədbirlər bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, rabitə işçilərinin fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir. Sərəncama əsasən, Cəmiyyətin nizamnaməsi və ştat strukturu təsdiq edilmiş, onun rayon filiallarının işinin təşkili üçün müvafiq hüquqi və praktik işlər yerinə yetirilmişdir. Artıq “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tam olaraq fəaliyyətə başlamışdır. Hazırda Cəmiyyət 7 filialı və 149 poçt məntəqəsi vasitəsilə muxtar respublika əhalisinə nümunəvi xidmət göstərir.
Rabitə xidmətinin həcminin artırılması ilə əlaqədar olaraq, daxili poçtdaşıma işlərinin yaxşılaşdırılması, məktub və bağlamaların vaxtında çatdırılması da diqqət mərkəzindədir. Yüklərin daşınması üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun rayon filialları üçün 8 ədəd “NAZ- Lifan” markalı avtomobil alınmışdır.