İQTİSADİYYAT
“Naxçıvanqaz” İstehsalat Birliyində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Naxçıvan, 14 fevral (AZƏRTAC). “Naxçıvanqaz” İstehsalat Birliyində (İB) 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair yığıncaq kеçirilmişdir.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda birliyin direktoru Səxavət Abbasov məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, 2013-cü il Naxçıvan Muxtar Respublikasının qaz təsərrüfatı üçün də uğurlu illərdən olmuşdur. Mövcud infrastruktur yenilənmiş, iri layihələrin icrası tamamlanmış, 27 kilometrlik ortatəzyiqli Naxçıvan-Şahbuz xətti, 81,6 kilometrlik yüksəktəzyiqli Naxçıvan-Sədərək xətti istifadəyə verilmişdir. Qaz kəmərlərinin yenilənməsi, xətlərdə təbii qaz ehtiyatının saxlanılması muxtar respublikanın təbii qaz təminatı ilə bağlı atılan mühüm addımlardandır.
Vurğulanmışdır ki, abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon qaz istismarı idarələrində qəza-dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilmişdir.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir edilmiş, 2 min 728 ədəd sayğac yenisi ilə əvəzlənmişdir.
Bildirilmişdir ki, 2013-cü ildə enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 151 milyon 760 min 906 kubmetr qazın satışından 15 milyon 186 min 441 manat vəsait toplanmış, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 76 milyon 976 min 414 kubmetr qazın satışından toplanan vəsait 7 milyon 705 min 792 manata çatmışdır ki, bu da 100 faiz ödəmə deməkdir.
İclasda işdə buraxılan nöqsan və çatışmazlıqlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.