SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
İyulun 18-də Yaponiya xarici işlər nazirinin birinci müavini Suqiuro Seykenin başçılığı ilə bu ölkənin nümayəndə heyəti - “Böyük İpək Yolu” enerji missiyası baş nazirin birinci müavini Abbas Abbasovla görüşmüşdür.
Abbas Abbasov qonaqlara bildirdi ki, belə mötəbər nümayəndə heyətinin ölkəmizə səfəri çox əhəmiyyətlidir. Bu ilin sentyabrında Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 10 ili tamam olur. Ötən müddət ərzində dövlətlərimiz qarşılıqlı surətdə faydalı münasibətlər yaratmışlar. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfəri bu əməkdaşlığa xüsusi təkan vermişdir.
Baş nazirin birinci müavini iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafından danışaraq dedi ki, Yaponiya hökuməti ölkəmizə böyük yardım göstərmişdir, onun ayırdığı qrantlar hesabına kombaynlar, digər kənd təsərrüfatı avadanlığı gətirilmişdir. Azərbaycan fermerlərinin zəmilərdən bol taxıl məhsulu götürürməsində həmin texnika da mühüm rol oynayır. Abbas Abbasov ölkəmizin kənd təsərrüfatında əməkdaşlıq üçün böyük potensial olduğunu söylədi və əminliyini bildirdi ki, Yaponiya firmaları bu imkanlarla maraqlanacaq, müxtəlif məhsulların istehsalı və emalına investisiya qoyacaqlar.
X X X
Elə həmin gün nümayəndə heyəti baş nazirin müavini Abid Şərifov ilə də görüşdü. Baş nazirin müavini dedi ki, son illərdə Yaponiya bir çox istiqamətlərdə Azərbaycana kömək göstərmişdir. Bu ölkənin hökuməti enerji sektoruna sərmayə qoymaqla yanaşı, kənd təsərrüfatının, səhiyyənin inkişafı üçün Azərbaycana qrantlar vermişdir. Onların köməyi ilə demək olar ki, Bakının bütün doğum evləri müasir avadanlıqla təchiz olunmuşdur. Azərbaycanın Mədəniyyət Nazirliyinə də kömək göstərilmişdir.