SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Mayın 25-də Azərbaycanın baş naziri Artur Rasizadə Ukraynanın mədəniyyət naziri Yuri Boqutskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan - Ukrayna əməkdaşlığı məsələlərinə toxunan baş nazir Artur Rasizadə elm, təhsil, ədəbiyyat, incəsənət və digər sahələrdə tarixən mövcud olan əlaqələrimizin müasir dövrdə daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Bu baxımdan Bakıda Ukrayna mədəniyyəti günlərinin keçirilməsini yüksək qiymətləndirən baş nazir belə tədbirlərin ölkələrimiz arasında yaranmış xoş münasibətlərin inkişafına müsbət təsir göstərdiyini söylədi.
Səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Boqutski mədəniyyət günləri çərçivəsində Bakıda keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Azərbaycan və Ukrayna mədəniyyət nazirlikləri arasında gələcək əməkdaşlığa dair protokol imzalandığını xatırladan cənab Boqutski mədəniyyətin ayrı-ayrı sahələri üzrə intensiv mübadilələrin zəruriliyini vurğuladı. Nazir mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.
Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev və Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko qəbulda iştirak edirdilər.