ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 29 dekabr, AZƏRTAC
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədov (ölümündən əvvəl bərabər işləyib ərsəyə gətirdiyi sonuncu kitab), kimya elmlər doktoru, dosent İlhamə Zərbəliyeva və böyük elmi işçi Aygül Əbilova tərəfindən yazılmış “Təbii triqliseridlər, (etanol) aminlər və ortofosfat turşusu əsasında yeni səthi-aktiv maddələr” monoqrafiyası “Müəllim” nəşriyyatında çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiya səthdən nazik neft təbəqələrini iki yolla, yəni neftyığma mexanizminə görə və ya neft təbəqəsinin dağılması ilə nəticələnəcək yeni səthi-aktiv maddələrin sintezi və tədqiqi ilə bağlı materialları əhatə edir. Bu reagentlərin quruluş problemləri, ümumi xüsusiyyətləri və ən vacib fiziki-kimyəvi parametrləri, o cümlədən səthi-aktiv xassələri araşdırılır. Yuxarıda göstərilən reagentlərin neftyığıcı və neftdispersləyici qabiliyyətlərinin ətraflı öyrənilməsinin nəticələri təqdim olunur.
Monoqrafiya geniş miqyasda elm sahəsinin mütəxəssisləri, o cümlədən doktorant və magistrantlar üçün nəzərdə tutulub.