İDMAN
“Neftçi” klubunun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşmişdir [yenilənib]
Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 27-də Bakının “Neftçi” futbol klubunun iştirak edəcəyi Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin püşkatma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yarışda mübarizə aparacaq 8 komanda 2 qrupa bölünmüşdür.
Flaqman Türkiyənin Antalya şəhərində keçiriləcək turnirdə Ukraynanın “Metallist”, Polşanın “Poloniya” və Özbəkistanın “Paxtakor” klubları ilə birgə B qrupunda yer almışdır.
“Neftçi” yanvarın 29-da “Metallist”, yanvarın 30-da “Poloniya”, fevralın 1-də isə “Paxtakor” ilə qarşılaşacaqdır.
A qrupunda Rusiyanın “Terek”, Rumıniyanın “Rapid”, Qazaxıstanın “Ordabası” və Latviyanın “Dauqava” klubları mübarizə aparacaqlar.
Hər qrupda 1-ci yeri tutan komanda finala vəsiqə qazanacaqdır. Turnirə fevralın 3-də yekun vurulacaqdır.