MƏDƏNİYYƏT
Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında qazilərlə görüş keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş qazilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra kitabxananın əməkdaşı Günay Süleymanova çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.
Görüş zamanı qazilər də keçdikləri döyüş yolundan danışıb, gələcək nəsillərin, bundan sonra daha vətənpərvər, daha məğrur böyüyəcəklərini diqqətə çatdırıblar. Bu gün də Vətən üçün, torpaqlarımızın azadlığı və müdafiəsi üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmnunluq hissi keçirdiklərini qeyd ediblər.
Tədbirdə digər çıxış edənlər Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs ediblər. Onlar ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu bildiriblər.
Sonra 44 günlük Vətən müharibəsi dövründə şəhid ailələrinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət və qayğıya görə "Beynəlmiləlçi Əlil Döyüşçülər" fondu tərəfindən kitabxananın direktoru və əməkdaşları fəxri fərmanla təltif olunublar.
Tədbirin sonunda iştirak edən qazilərə və qonaqlara kitab hədiyyə olunub və xatirə şəkilləri çəkilib.