İQTİSADİYYAT
“NETTY-2011 Azərbaycan Milli İnternet Mükafatı” müsabiqəsi üzrə qeydiyyata başlanılmışdır
Bakı, 1 aprel (AZƏRTAC). Martın 31-də “NETTY-2011 Azərbaycan milli internet mükafatı” üzrə müsabiqə başlanmışdır.
AZƏRTAC xəbər verir ki, ölkədə yeddinci dəfə keçirilən peşəkar müsabiqənin şərtlərinə uyğun olaraq, iştirakçıların və virtual münsiflər heyəti üzvlərinin qeydiyyatı aparılır. Müsabiqədə 12 əsas və 2 əlavə nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir. Mayın 7-dən 14-dək virtual münsiflər heyətinin səsverməsi keçiriləcək və qaliblər elan olunacaqdır.
Hər nominasiyada “Facebook” sosial şəbəkəsində ən çox bəyənilən sayt müəyyən ediləcək və onlar final mərasimində elan olunacaqlar. Qaliblərə mayın 21-də təntənəli mərasimdə xüsusi diplomlar təqdim ediləcəkdir. Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları, həmçinin Mədəniyyət və Turizm nazirlikləri tərəfindən dəstəklənir.