İQTİSADİYYAT
Niderland ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Martın 7-də Nəqliyyat Nazirliyində Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Şults van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanın inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışmışdır. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən M.Pənahov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulamışdır. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir müavini bu istiqamətdə Niderland Krallığı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Niderlandın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini diqqətə çatdırmışdır.
Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan xanım Melanie Şults van Haegen-Maas Geesteranusu iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu xatırlatmış, sel və daşqınlar zamanı holland şirkətlərinin fəaliyyətindən, Yeni Dəniz Ticarət Limanında görülən işlərdən danışmış, həmçinin dəmir yolunda aparılacaq işlərlə də maraqlanmışdır.
Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.