NİDERLAND ŞİRKƏTLƏRİ AZƏRBAYCANA XÜSUSİ MARAQ GÖSTƏRİRLƏR
Azərbaycanın Xarici İşlər Nazirlyindən AZƏRTAC-a bildirmişlər ki, Niderland Krallığı Xarici İşlər Nazirliyinin Avropa əməkdaşlıq məsələləri üzrə baş direktoru vəzifəsini icra edən xanım Marianne de Kvaasteniyetin rəhbərlik etdiyi nümayəndə heyəti siyasi məsləhətləşmələr aparmaq məqsədi ilə aprelin 14-dən 17-dək ölkəmizdə səfərdə olmuşdur.
Səfər zamanı xanım M.Kvaasteniyet xarici işlər nazirinin müavinləri Mahmud Məmmədquliyev, Araz Əzimov və digər rəsmi şəxslərlə görüşmüşlər.
Niderland nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən proseslər və regiondakı siyasi-iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları ilə maraqlanmış, Niderland şirkətlərinin Azərbaycana xüsusi maraq göstərdiklərini bildirmişlər.
Qonaqlara Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətləri, Avropaya inteqrasiya və qarşıda duran vəzifələr, iqtisadiyyatın inkişafı və iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə məlumat verilmiş, həmçinin mövcud əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda, regionda baş verən hadisələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və davam etməkdə olan danışıqlar prosesi barədə geniş məlumat nümayəndə heyətinin diqqətinə çatdırılmışdır.
Sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla keçirilən görüşdə qonaqlara Azərbaycanda həyata keçirilən neft-qaz layihələri, holland şirkətlərinin bu layihələrdə iştirak imkanları barədə fikir mübadiləsi aparılmış, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi əhəmiyyəti qeyd edilmişdir.
Həmçinin qonaqlara Azərbaycanın neft strategiyasının ümumilikdə region üçün vacibliyi, eləcə də ikitərəfli əlaqələrin inkişafı üçün ölkələrimz arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.