Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-6 VİDEO

Niş, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Mərasim iştirakçılarını salamlayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dedi:

- Əziz Prezident Əliyev, hörmətli Prezident Radev, mən bu gün çıxış edə bilməyəcəyəm. Bizim ölkədə qəribə qanunlar qəbul olunub ki, sən öz ölkəndə nə isə etmisənsə, seçkilərdən bir ay öncə artıq bu layihələri tərifləyə və ölkəni daha da inkişaf etdirmək üçün danışa bilməzsən.

Sizə “Xoş gəlmisiniz” deyirəm və Serbiyada olduğunuz üçün sonsuz təşəkkürümü bildirirəm. Mən bizim enerji nazirimizdən xahiş edəcəyəm ki, o çıxış etsin. O, bizim partiyanın üzvü deyil və seçkilərdə, siyahılarda adı yoxdur. Bizim avropalı qonaqlar bugünlük bağışlasınlar. Mən bütün həmin qanunlara hörmət edəcəyəm. Narahat olmayın, həmin qanunlara baxmayaraq, biz qələbə qazanacağıq. Bu, böyük qələbə olacaq və bizim hamımızın birgə qələbəsi olacaq. Buna görə çox sağ olun.

X X X

Sonra layihə barədə məlumat verən Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç dedi:

-Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Onun həyata keçirilməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq. Biz qaz nəqli ilə bağlı Azərbaycandan olan dostlarımızla qısa zamanda razılığa gəldik. Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm.

Mən, eyni zamanda, Prezident Əliyevə, Azərbaycandan olan həmkarlarımıza və bizimlə birgə gərgin çalışmış hər kəsə minnətdarlığımı bildirmək istərdim.

Mən qonşularımızla, eləcə də Azərbaycanla daha yaxşı əlaqələrin qurulması istiqamətində göstərdiyi səylərə görə Serbiya Prezidentinə minnətdarlığımı bildirirəm. Azərbaycan sərhəd baxımından bizim qonşumuz olmasa da, sözsüz ki, o, bizim qəlbimizdə xüsusi yeri olan dostumuzdur.

X X X

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar!

İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandara təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.

Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk.

Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.

Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqarıstanla da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bu il mən Bolqarıstana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.

Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.

Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.

Bir daha əziz dostum Aleksandara dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun.

x x x

Daha sonra Bolqarıstan Prezidenti çıxış etdi.

Prezident Rumen Radevin
çıxışı

-Hörmətli Prezident Vuçiç, möhtərəm Prezident Əliyev, xanımlar və cənablar, nazirlər, zati-aliləri, əziz qonaqlar!

Serbiya, Azərbaycan və Bolqarıstan olaraq ölkələrimizin cari ili yola salarkən daha təhlükəsiz və daha yaxşı gələcək naminə öz davamlı işi və bu işə göstərdiyi diqqət ilə nümunəvi olduğunu bildirmək istəyirəm. Fevralın əvvəlində Prezident Vuçiçin Bolqarıstana səfəri zamanı Bolqarıstan-Serbiya interkonnektorunun yaradılmasına start verilib. Yalnız bir neçə ay sonra biz artıq Bolqarıstan və Serbiya arasında interkonnektorun açılış mərasimini keçiririk.

Aprel ayında Prezident Əliyev Sofiyaya səfərə gəlmiş və Solidarity Ring təşəbbüsünü irəli sürmüşdür.

Mən bu dəvətə görə Prezident Vuçiçə səmimi təşəkkürümü bildirirəm və fevral ayında Bolqarıstandakı açılışdan daha xoş əhvali-ruhiyyə ilə bizi qarşıladığına görə minnətdarlığımızı bildiririk.

Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan-Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək.

Mən Prezident Vuçiçi təbrik etmək istəyirəm. Çünki təvazökar olduğu üçün o, özünü tərifləmir. Lakin həm mən, həm də Prezident Əliyev Serbiyaya hər səfərimiz zamanı burada infrastrukturun mühüm inkişafının şahidi oluruq. Mən burada çəkilən zəhməti, Serbiyanın Avropanın modern inkişafına nümunə olduğunu görürəm və bu, məni çox sevindirir. Bolqarıstanın Prezidenti kimi mən sərhəd regionlarda, bolqar milli azlığının yerləşdiyi ərazilərdə infrastrukturun və yol şəbəkələrinin inkişaf etdirilməsinə olan diqqəti görürəm. Mən, həmçinin daha öncə presedenti olmayan bir hadisədən bəhs etmək istəyirəm. Prezident Vuçiç və mən iki dəfə Mitroqradda milli azlıqlarımızla görüşmüş və problemləri birgə müzakirə etmişik. Biz birgə həyat şəraitini yaxşılaşdırmaq üçün layihələr müəyyənləşdirib imkanları müzakirə etmişik. Serbiyada bütün infrastrukturun yaxşılaşdırılması və modernləşdirilməsi Bolqarıstana da birbaşa təsir edir. Çünki biz Avropaya Serbiya vasitəsilə çıxa bilirik.

Bu gün biz Avropanın enerji xəritəsini dəyişirik. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. Təsadüfi deyil ki, bu layihə Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq doğuran layihə kimi dəyərləndirilib.

Ukraynadakı müharibə bizim yaxşı qonşuluq və qarşılıqlı kömək, həmrəylik anlayışlarımızı yenidən gözdən keçirməyə səbəb oldu. Biz logistika və enerji sahələrində yalnız yeni resurslar, yeni yollar, yeni səmərəli həll vasitələri tapmalı deyil, həmçinin daha intensiv, daha güclü beynəlxalq xəritə yaratmalıyıq. Həmin coğrafi mövqeyin əhəmiyyətinin dərk edilməsi, fəal enerji siyasəti təkcə həmin ölkələrə deyil, həm də bütün qonşulara, regiondan da daha uzaq məsafədə yerləşən ölkələrə fayda verəcək.

İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik.

Bu il Bolqarıstan anlaşmanı yekunlaşdırdı və həm LNG terminallarına, həm Yunanıstana, həm də Türkiyəyə çıxış əldə etdi. Bizim, həmçinin onların şəbəkələri vasitəsilə tranzit əməliyyatları keçirmək üçün anlaşmalarımız var. Mart ayında biz Aleksandropolisdəki enerji terminalının açılışını etdik. Bolqarıstan həmin layihədə 20 faiz səhmə sahibdir. Biz aprel ayında strateji əhəmiyyətli, Avropa üçün önəmli olan Solidarity Ring layihəsinin açılışını etdik. Bununla da biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq. Bizim sahibi olduğumuz bu fəal siyasət sayəsində bu gün Serbiyada interkonnektorun açılış mərasimini edirik. Yalnız Serbiya deyil, həmçinin regionun digər ölkələri də Azərbaycandan gələn qaza, həmçinin yeddi terminala, Aralıq dənizindəki LNG terminalına və təbii ki, Solidarity Ring təşəbbüsünə, Bolqarıstandakı Çiren adlı saxlama yerinə çıxış əldə edib. Biz hazırda Bolqarıstandakı infrastrukturu genişləndiririk və bunun sayəsində Qərbi Avropa qaz ehtiyatlarına da çıxış əldə edəcəyik.

Biz bu gün sübut edirik ki, yalnız birgə səylər nəticəsində, ortaq istəyə əsasən iqtisadi inkişaf əldə edə, daha yaxşı, daha təhlükəsiz gələcəyə nail ola bilərik. Digər önəmli məsələ isə odur ki, biz infrastrukturun inkişafı nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Əvvəlcə bildirdiyim kimi, bu səhər Vuçiçlə keçirilən görüşümüzdə birgə anlaşmalar nəticəsində öz ehtiyacımızı ödəmək üçün qaz təminatını yaxşılaşdıracağıq. Biz bununla da ən yaxşı şərait əldə etmiş olacağıq, həmçinin öz vətəndaşlarımıza ən yaxşı qiymətlər təqdim edib, üçüncü dövlətlərə birgə qaz satacağıq. Burada geniş fürsətlər var və biz yaxşı siyasət, yaxşı səylər nəticəsində mühüm nəticələr əldə edəcəyik.

Mən Avropa Komissiyasına maliyyə dəstəyi göstərdiyinə və həmçinin bütün Avropa üçün mühüm olan bu layihəni təşviq etdiyinə görə minnətdaram. Təbii ki, biz bu uğura görə bütün institutlara və tikinti işçilərinə minnətdarıq. Onlar sübut etdilər ki, bu iki ölkə texnoloji bacarığa malikdir və ən yüksək texnologiyalı yeni nəsil boru xəttini inşa edə bilir. Bundan sonra çalışacaq bütün komandalara təşəkkür edirəm, onlara uğurlar arzulayır, hər kəsə faydalı iş diləyirəm. Çox sağ olun.

X X X

Layihənin əhəmiyyətindən danışan Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre enerji təhlükəsizliyinin və enerji dayanıqlılığının gücləndirilməsində mühüm bir mərhələnin qeyd olunduğunu vurğulayaraq dedi:

-Avropa İttifaqı bu layihəyə demək olar ki, 50 milyon avroluq qrant, Avropa İnvestisiya Bankı isə 25 milyon avro məbləğində imtiyazlı kredit ayırıb. Bundan əlavə, biz Bolqarıstan ərazisində interkonnektorun tikintisinə 20 milyon avro ayırmışıq. Bu mühüm mərhələ Serbiya vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Avropa İttifaqının enerji sektorunda bu ölkəyə verdiyi ümumi dəstəyin bir hissəsidir.

Biz Bolqarıstanı Serbiya ilə, Serbiyanı Avropa İttifaqı ilə birləşdiririk. Bu baxımdan bu infrastruktur Serbiya və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Biz həm də ümumi enerji balansında qazın payının artırılmasının mümkünlüyünü qeyd edirik ki, bu da Avropa İttifaqının “yaşıl sazişi”nə uyğun olaraq iqtisadiyyatımızın karbonsuzlaşdırılması istiqamətində bir addım olaraq, kömür kimi daha çox çirkləndirən enerji mənbələrindən təbii qaz kimi daha az çirkləndirən enerji mənbələrinə keçidə şərait yaradır.

X X X

Sonda prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib  Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-6 VİDEO

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir