DÜNYA
Norveçin Tromso şəhərində Rusiyaya casusluqda şübhəli bilinən şəxs həbs edilib
Stokholm 26 oktyabr, AZƏRTAC
Norveçin Tromso şəhərində Rusiyaya casusluqda şübhəli bilinən şəxs həbs edilib.
AZƏRTAC Norveçin “NRK” milli radio şirkətinə istinadla xəbər verir ki, Braziliya vətəndaşı oktyabrın 25-də Tromso şəhərinə işə gedərkən həbs edilib. Krallığın kəşfiyyat qurumu bu şəxsin Norveçdə Rusiya kəşfiyyatı üçün işlədiyindən şübhələnir.
Norveç polisinin təhlükəsizlik xidməti hesab edir ki, bu şəxs “qeyri-leqal kəşfiyyat” adlandırılan fəaliyyətlə yaşayıb casusluq fəaliyyəti göstərir.
Norveç təhlükəsizlik polisi rəhbərinin köməkçisi Hedvuiq Moe “NRK”ya müsahibəsində deyib: “Biz artıq Tromso Universitetindən olan braziliyalı tədqiqatçının Norveçdən qovulmasını tələb etmişik, çünki onun fundamental milli maraqlara təhlükə yaratdığına inanırıq”.
Onun həbsindən sonra Norveç məhkəməsi polisin tələbini təmin edib və işə baxılarkən onun 4 həftəyə qədər həbsdə saxlanacağına dair müvafiq qərar verib.
Norveçli jurnalistlərin sözlərinə görə, yerli polisinin təhlükəsizlik xidməti ilk dəfədir ki, Norveçdə “qanunsuz agent” olduğuna inanılan şəxsi həbs edib. Bu adam Norveçə 2021-ci ilin payızında tədqiqat fəaliyyəti adı ilə gəlib. Burada o, digər məsələlərlə yanaşı, şimal bölgəsini və hibrid təhlükələri araşdırıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm