CƏMİYYƏT
Oğrular məsuliyyətdən yaxa qurtara bilməmişlər
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 4-də Qacar Çingiz Oveys oğlunun evindən içərisində 60 min dollar pul, suvenir qaşıq, bıçaq və çəngəl olan dəmir seyfi oğurlanmışdır.
Hadisəni törətmiş paytaxt sakini Nərmin Abbasova Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Rafiq Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-iyul ayları ərzində Hüsülü kənd sakini Mirafət Eyvazov ilə birlikdə kənd sakinləri Ziyəddin Eyvazovun həyətindən 2 baş, Kamil Fətəliyevin həyətindən 2 baş qoyun oğurladıqları da müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində M.Eyvazov saxlanılmışdır.
Baş Mühafizə İdarəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları isə avqustun 4-də Əmirxan Abbasova məxsus “Hyundai” markalı avtomaşından qabaq dövlət qeydiyyat nişanını oğurlamış Salyan sakini Rauf Rəhimovu yaxalamışlar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.