İDMAN
Oğuz rayonunda “Açıq əyləncəli futbol məktəbi” layihəsinin icrasına başlanılmışdır
Oğuz, 14 sentyabr (AZƏRTAC). Oğuz Olimpiya İdman Kompleksində “Açıq əyləncəli futbol məktəbi” layihəsinin icrasına başlanılmışdır.
Açıq Əyləncəli Futbol Məktəbləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən və üç gün davam edəcək tədbirdə 200 nəfərə yaxın uşaq və yeniyetmə iştirak edir.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, UEFA-nın dəstəyi və Danimarkanın Kəsişən Mədəniyyətlər Assosiasiyasının təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində ölkəmizdə yaradılmış açıq əyləncəli uşaq futbol məktəbləri 2004-cü ildən fəaliyyət göstərir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da geniş vüsət alan bu aksiya münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsi ilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır.
Açıq əyləncəli uşaq futbol məktəbi Oğuzda artıq dördüncü dəfədir ki, təşkil olunur. Təlim-məşqlər Açıq Əyləncəli Futbol Məktəbləri Assosiasiyasının hazırlıq kurslarında təlim keçmiş 14 məşqçi tərəfindən aparılır.
Məktəbin açılış mərasimində uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları, həmçinin hədiyyələr təqdim olunmuşdur.