CƏMİYYƏT
Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələr genişlənir
![Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələr genişlənir](/files/2014/2/1200x630/1408712459619621412_1200x630.jpg)
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Oklahoma ştatı milli qvardiyasının komandanı, general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənov bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə qonaqlara ətraflı məlumat verib.
Müdafiə naziri əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu bildirib. Nazir bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib. M.Dirinq tərəflər arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb və onun genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar iştirak edib.