İQTİSADİYYAT
Oktyabr ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayında mühüm artım müşahidə olunmuşdur
Bakı, 7 noyabr (AZƏRTAC). Cari ilin oktyabrında 125 min 352 avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanmışdır. Bunların 22 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan icbari sığorta müqavilələri təşkil etmişdir. Bu, “İcbari sığortalar haqqında” Qanunun tətbiqinə başlanıldığı vaxtdan etibarən müşahidə olunan ən yüksək aylıq göstəricidir.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirmişlər ki, hesabat dövründə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği ümumilikdə 10,3 milyon manatdan çox olmuşdur. Cari ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 77 faiz, 2012-ci ilin oktyabr ayı ilə müqayisədə isə 14 faiz artım müşahidə edilmişdir.
Oktyabrda orta sığorta haqqı 82,4 manat təşkil etmişdir.