SİYASƏT
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna dəyişikliklər ediləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komitələrinin birgə iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, ölkəmizdə cari ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar adı çəkilən qanuna əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.
Bildirilmişdir ki, qanunvericiliyə təklif olunan əlavələr və dəyişikliklərdə əcnəbilərin turizm şirkətləri vasitəsilə elektron qaydada viza almasını asanlaşdırılması nəzərdə tutulmuşdur. Həmçinin turizm şirkətləri turistlərə viza almaq üçün şəxsin sənədlərini poçt vasitəsilə ölkəmizin səfirliklərinə və konsulluqlarına göndərə biləcəklər.
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə demişdir ki, viza verilməsi qaydalarının sadələşdirilməsi müsbət hal olsa da, dövlətin təhlükəsizliyi üçün bu məsələlər, xüsusilə də turizm şirkətlərinin fəaliyyəti daim nəzarət altında saxlanılmalıdır.
Sonra “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsinə baxılmışdır.
Müzakirələr zamanı deputatlar bildirmişlər ki, hər iki qanun layihəsi ölkəmizin inkişafına, vətəndaşların rifahının daha da yaxşılaşmasına müsbət təsir göstərəcəkdir.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olunmuşdur.