İQTİSADİYYAT
Ölkənin nəqliyyat infrastrukturu əlverişsiz hava şəraitinə hazırdır?
Bakı, 30 yanvar (AZƏRTAC). Yanvarın 30-dan başlayaraq həftənin sonunadək respublika ərazisində hava şəraitinin kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Bəs görəsən ölkənin nəqliyyat infrastrukturu bu cür hava şəraiti ilə əlaqədar hansı tədbirləri görür?
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirmişlər ki, hava şəraiti ilə əlaqədar bütün nəqliyyat vasitələrinin sahiblərinə qabaqlayıcı tədbirlər görülməsinə dair göstəriş verilmişdir. Avtobusların salonunun qızdırılması, Avtovağzal Kompleksinin ərazisinə duz səpilməsi, avtobusların hərəkət cədvəlinə uyğun yola düşməsi, maşınların şəraitə uyğun tam hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir. Yollardakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisindən mütəmadi məlumatlar qəbul olunur. Bu məlumatlara əsasən sürücülərə buz bağlayan yollar barədə xəbər ötürür və alternativ yollardan istifadə olunmasına dair göstəriş verilir. Hava şəraitinə görə bəzi sürücülərin vəziyyətdən istifadə edərək gediş haqqını süni şəkildə qaldırmasının qarşısını almaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində Qiymət İntizamına Nəzarət Komissiyası da yaradılmışdır.
“Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyəti də əlverişsiz hava şəraitinə hazırdır. AZAL-dan bildirmişlər ki, hava şəraiti ilə əlaqədar şirkətin kifayət qədər texnikası hazır vəziyyətə gətirilmişdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də qarlı və şaxtalı hava şəraitinə hazırdır. Bunun üçün müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin bütün istismar idarələri də hava şəraitinin dəyişməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilmişdir. Yollarda problemlərin aradan qaldırılması məqsədi ilə respublika üzrə ümumilikdə 25 min kubmetrə yaxın qum, 1500 ton texniki duz və 1100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilmişdir.
Bununla əlaqədar ASC-də bütün yol-istismar müəssisələrinin rəhbərlərinin də daxil olduğu xüsusi qərargah yaradılmışdır. Eyni zamanda, payız-qış mövsümü ilə bağlı əmr hazırlanaraq bütün yol-istismar idarələrinə göndərilmişdir. Hər bir istismar müəssisəsində tədbirlər planı hazırlanaraq vəzifələrin icrasına başlanılmışdır.
İstər regionlarda, istərsə də Bakıda lazımi qabaqlayıcı tədbirlər həyata keçirilir. Bütün proses Nəqliyyat Nazirliyinin tam nəzarətindədir. Hər bir yol-istismar idarəsində 24 saat fəaliyyət göstərən növbətçilik təşkil olunmuşdur. Yəni, hava şəraiti dəyişərsə, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranarsa, bütün texnika və işçi qüvvəsi həmin ərazilərə səfərbər olunacaqdır.