CƏMİYYƏT
Ombudsman Aparatının əməkdaşı Kanadada insan hüquqları sahəsində təcrübə mübadiləsi aparmışdır
Bakı, 10 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Nailə Vəliyeva Kanadanın Toronto şəhərində insan hüquqları üzrə keçirilmiş treninq-seminarda iştirak etmişdir. Beynəlxalq tədbir Kanadanın Ontario ombudsmanının təşəbbüsü ilə müvafiq layihə çərçivəsində təşkil edilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, treninq-seminarda Kanada, Filippin və digər ölkələrin ombudsman təsisatlarının, digər dövlət orqanlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə milli insan hüquqları institutlarına daxil olan şikayət və ərizələrin araşdırılması, tədqiqi metodları, müraciətlərə məhkəmə müdaxiləsi olmadan, müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində baxılması, şikayətlər əsasında hesabatların hazırlanması və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndəsi müzakirələrdə fəal iştirak etmiş, ombudsman Elmira Süleymanovanın insan hüquqları sahəsində fəaliyyəti, innovativ təşəbbüsləri, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.