CƏMİYYƏT
Ombudsman Qurban bayramı münasibətilə bir sıra tədbirlər keçirmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova müqəddəs Qurban bayramı münasibətilə Milli Məclisin deputatı Qənirə Paşayeva ilə birgə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olmuş, hərbi xidmətə yenicə başlamış gəncləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Müvəkkil torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyon insanı öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş, insan hüquqları kütləvi şəkildə kobudcasına pozulmuş bir respublika üçün ordu quruculuğunun mühüm əhəmiyyət kəsb etdiyini, son illərdə ölkəmizdə bu sahədə böyük işlər görüldüyünü diqqətə çatdırmışdır. Əsgərlərin döyüş və peşə hazırlığı səviyyəsinin daha da artırılmasının, hərbi biliklərə yiyələnməsinin, hərbi xidmətlərini nizamnamə çərçivəsində davam etdirməsinin zəruriliyini vurğulamışdır.
Ombudsman Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şücaətini xatırladaraq, qəhrəmanlarımızın rəşadətindən nümunə götürməyin vacibliyini söyləmişdir.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva və Mübariz İbrahimovun əmisi Fazil İbrahimov çıxış edərək, Milli qəhrəmanın hünərindən danışmış, bütün əsgərlərə onun kimi qorxmaz və cəsarətli olmağı arzulamışlar.
Daha sonra müvəkkil və deputat Biləsuvar rayonunun Əliabad kəndinə gedərək, Mübariz İbrahimovun valideynləri ilə görüşmüşlər.
M.İbrahimovun valideynləri ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi rəşadətə görə övladlarının Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Milli qəhrəman adına layiq görülməsini, dövlət başçısının ciddi səyləri nəticəsində şəhid gizirin nəşinin qaytarılmasını və böyük ehtiramla II Fəxri Xiyabanda dəfn olunmasını xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişlər.
Ombudsman aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova Ombudsmanın Ahılların Resurs Mərkəzində ahıllara bayram süfrəsi təşkil etmişdir.
Müvəkkil ölkə Prezidentinin aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışmışdır.
Tədbirdə iştirak edən tanınmış şərqşünas alim, Bakı Dövlət Universitetinin dosenti hacı Əsmətxanım Məmmədova və hacı Rəhilə Quliyeva çıxışlarında mütərəqqi islami dəyərlərin və ənənələrin ölkəmizdə həmişə uca tutulduğunu qeyd etmişlər.
Əlillərə və imkansız ailələrə də bayram sovqatı paylanmışdır.