CƏMİYYƏT
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 67682 nəfər əcnəbinin müraciəti qeydə alınmışdır
Bakı, 6 avqust (AZƏRTAC). Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən cari il iyul ayında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlər işlənib hazırlanmış və bu istiqamətdə müvafiq işlər görülmüşdür.
DMX-dən AZƏRTAC-a bildirmişlər ki, iyul ayında 3261 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. 27 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunmuşdur. Bundan başqa, onlardan 297 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 2761 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 176 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.
Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 7252 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 67682 nəfər əcnəbinin müraciəti qeydə alınmışdır.
Bundan əlavə, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən paytaxtda fəaliyyət göstərən 36 sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Yoxlamalar nəticəsində 17 sahibkarlıq subyektində əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilmişdir.