REGİONLAR
Ötən il 566 kiloqram 530 qram narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb
Naxçıvan, 13 yanvar, AZƏRTAC
Muxtar respublikanın gömrük orqanları tərəfindən 2021-ci ildə 113 inzibati, 4 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə, 566 kiloqram 530 qram narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və 2021-ci il ərzində görülmüş işlərə həsr olunmuş kollegiya iclasında bu faktları komitənin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib.
Bildirilib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirilib. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Gömrük rəsmiləşməsini aparacaq əməkdaşın sistem tərəfindən avtomatik seçilməsi, yeni proqram təminatı hazırlanmaqla gömrük bəyannaməsini təqdim edəcək gömrük təmsilçilərinin bölgüsünün elektron növbə prinsipi əsasında aparılması təmin olunub. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodlarının mərkəzləşdirilmiş bazası formalaşdırılıb, ölkəmizdə ilk dəfə olaraq karqo şirkətləri ilə gömrük orqanları arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublika gömrük orqanları 2021-ci il ərzində 31 milyon 404 min manat vəsait toplayaraq büdcə öhdəliyini 107,7 faiz yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,3 faizini təşkil edib. “İxrac ili” olan 2021-ci ildə ixrac mallarının gömrük rəsmiləşməsinin asan və sürətli formada təmin edilməsi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.
Kollegiya iclasında çıxışlar dinlənilib.