REGİONLAR
Ötən il Naxçıvanda 9 milyon 500 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb
Naxçıvan, 13 yanvar, AZƏRTAC
Muxtar respublikada dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadə edilməsi və qənaət tədbirlərinin gücləndirilməsi məqsədilə büdcə təşkilatları tərəfindən satın alınmış mal-material və avadanlıqların qiymətlərinə mütəmadi nəzarət edilib, qiymət intizamının təmin olunması istiqamətində tədbirlər görülüb. Bu istiqamətdə aparılan işlərin nəticəsində 2021-ci ildə 9 milyon 500 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktları 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında maliyyə naziri Rafael Əliyev diqqətə çatdırıb.
Bildirilib ki, 2021-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirlərinin 72 faizi və ya 104 milyon 353 min 942 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin, 21,6 faizi və ya 31 milyon 404 min 916 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3 faizi və ya 7 milyon 668 min 598 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min 576 manatı isə digər mənbələr hesabına daxil olub.
Vurğulanıb ki, ötən il büdcənin mərkəzləşdirilmiş gəlirləri 117 faiz icra olunub, Avtomobil Yolları Məqsədli Büdcə Fonduna daxil olan vəsait istisna olmaqla, Naxçıvan şəhəri üzrə 104,5 faiz, Şərur rayonu üzrə 104,6 faiz, Babək rayonu üzrə 101,8 faiz, Ordubad rayonu üzrə 102,1 faiz, Culfa rayonu üzrə 101,9 faiz, Şahbuz rayonu üzrə 103,1 faiz, Kəngərli rayonu üzrə 102,9 faiz, Sədərək rayonu üzrə 103 faiz icra edilib. 2021-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 544 milyon 167 min 765 manat təyinata qarşı 542 milyon 507 min 355 manat və ya 99,7 faiz icra olunub.
Diqqətə çatdırılıb ki, təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. 2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə ödənilib. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Ötən il büdcə müəssisə və təşkilatlarında ştat cədvəlləri və strukturlara nəzarət, əsassız saxlanılan ştat vahidlərinin optimallaşdırılması, strukturun təkmilləşdirilməsi tədbirləri davam etdirilib. Təşkilatların balansında olan, saxlanılması xeyli miqdarda vəsait tələb edən istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi təmin edilib, dövlət büdcəsinin lüzumsuz xərclərinin azaldılmasına nail olunub. Nəzarət tədbirlərinin daha operativ şəkildə həyata keçirilməsi məqsədilə görülən işlərin elektron platformada icrasına şərait yaradılıb. 2021-ci il ərzində muxtar respublikada xəzinədarlıq əməliyyatları üzrə maliyyə sənədlərinin real vaxt rejimində daxil edilməsi və nəzarətin həyata keçirilməsi üçün nazirliyin elektron sisteminə yeni modullar əlavə olunub və təkmilləşdirmə işləri həyata keçirilib. Elektron nəzarət mexanizmlərində əlavələr işlənilib, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların ştat cədvəlləri elektron şəkildə sistemə daxil edilib və zəruri olan bütün digər məlumatların əlavə edilməsi həyata keçirilib.