İQTİSADİYYAT
“Palmali” şirkətlər qrupunun sifarişi ilə İstanbuldakı Beşiktaş tərsanəsində 3 xüsusi neft platformasına xidmət gəmisi inşa ediləcəkdir
Ankara, 15 sentyabr (AZƏRTAC). “Palmali” şirkətlər qrupu İstanbuldakı Beşiktaş tərsanəsinə 120 milyon dollar dəyərində 3 xüsusi neft platformasına xidmət gəmisinin inşası üçün sifariş vermişdir.
Bu layihənin həyata keçirilməsi ilə bağlı İstanbulda “Palmali” şirkətlər qrupu ilə Beşiktaş tərsanəsi arasında imzalanmış sazişə görə, gəmilərin inşasına 2013-cü ildən başlanacaq və iki il müddətində başa çatacaqdır. Gəmilər uzun müddətə Rusiyanın “LukOil” şirkətinə icarəyə veriləcəkdir. Bu gəmilərin Rusiya şirkəti tərəfindən Xəzər dənizinin şimalındakı 16 milyon ton neft hasilatı planlaşdırılan Yuri Korçagin və Filanovski neft yataqlarında istifadə ediləcəyi bildirilir.
Bundan başqa, “Palmali” şirkətlər qrupu ilə Beşiktaş tərsanəsi cari ilin martında nəqliyyat-montaj barjının inşasına dair saziş də imzalamışlar. Dəyəri 49,4 milyon dollar olan bu barj oktyabrın 15-də təhvil veriləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara