Paytaxt məktəblərində Aprel döyüşlərinə həsr olunan silsilə tədbirlər keçirilir
Bakı, 4 aprel, AZƏRTAC
Paytaxt məktəblərində Aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Aprel döyüşlərinə həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanır, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilir.
Tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də Aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olunması barədə şagirdlərə geniş məlumat verilir.
Bildirilir ki, Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub və azad olunan ərazilərdə yeni mövqelər qurulub. Döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qalıb.
Şagirdlər Aprel döyüşlərinə həsr olunmuş şeirlər söyləyir, mahnılar oxuyur, ədəbi-bədii kompozisiyalar göstərirlər.
Bundan əlavə, tədbirlərdə Aprel şəhidlərindən bəhs edən videoçarx da nümayiş olunur.