İQTİSADİYYAT
Paytaxtda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını açıqlamışdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını açıqlamışdır.
NİİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Neftçilər prospektinin Puşkin küçəsinin Y.Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi (Dəniz limanının qarşısı) təmir işlərinin aparılması ilə əlaqədar olaraq tamamilə bağlanmışdır.
Eyni zamanda, A.M.Şərifzadə küçəsinin Y.Abdullayev küçəsi ilə kəsişməsindən “Kaktus” restoranı istiqamətində hərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi iki istiqamətlidir. Ü.Hacıbəyli küçəsində hərəkət hissəsi müvəqqəti iki istiqamətli olduğundan K.Səfərəliyeva və R.Zorge küçələri isə bağlanmışdır.
Bundan başqa, mərkəz yeni tunellərin tikintisi ilə əlaqədar bağlı və açıq yolların siyahısını da sürücülərin nəzərinə çatdırır.
Belə ki, A.Mustafayev küçəsində körpü keçidindən sonra yeni tunel tikilir, lakin kənar yollar hər iki tərəfdən açıqdır. Z.Bünyadov prospektinin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində yeni körpünün tikintisi ilə əlaqədar kənar yollar aparılan işə uyğun olaraq mütəmadi bağlanıb açılır. Həmçinin Z.Bünyadov prospektində Ə.Qayıbov küçəsinin kəsişməsinə qədər yeni tunel tikilir. Lakin kənar yollar açıqdır. Ə.Əliyev küçəsində və Bülbül prospektinin Zərifə Əliyeva ilə kəsişməsi istiqamətində isə təmir-bərpa işləri başa çatmış və yol artıq istifadəyə verilmişdir.
NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.