CƏMİYYƏT
Penitensiar xidmətin 2 nömrəli məntəqə tiplı cəzaçəkmə müəssisəsindən qaçmış məhkum saxlanılmışdır
Bakı, 10 dekabr (AZƏRTAC). Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəliliyinin artırılması, onların cəmiyyətlə sosial əlaqələrinin gücləndirilməsi, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilməyə təqdim olunmaları sahəsində son dövrlər ərzində məqsədyönlü tədbirlər görülmüşdür. Bu sahədə şəffaflıq təmin olunmaqla, məntəqə tipli cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, cəza çəkənlərin ictimai faydalı əməyə cəlb olunması, məhkumların hüquqlarının təmin edilməsi istiqamətində zəruri işlər həyata keçirilir. Görülmüş tədbirlər məhkumlar və onların yaxınları tərəfindən müsbət qiymətləndirilir. Lakin əldə olunmuş müsbət dəyişikliklər bəzən ayrı-ayrı məhkumlar tərəfindən layiqincə qiymətləndirilmir, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan və azad həyatın astanasında olan bəzi şəxslər onlara qarşı atılmış humanist addımların əvəzində yenidən hüquqazidd hərəkətlərə yol verirlər.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 8-də xidmətin 2 nömrəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olan və rejim qaydalarını pozduqlarına görə cərimə təcridxanasında saxlanılan məhkumlar - 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.2-ci maddələri (soyğunçuluq) ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş Fərid Cavid oğlu Dadaşov və 1983-cü il təvəllüdlü Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi), 93.1.4-cü (narkomaniyadan məcburi müalicə) maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Faiq Fuad oğlu Fərəcov cərimə təcridxanasının qapısını döyərək növbətçi xidmət əməkdaşlarına kameradakı kanalizasiya xəttinin nasaz vəziyyətdə olması barədə məlumat verərək kömək istəmişlər. Xidmətdə olan 2 nömrəli MTCM rəisinin növbə üzrə köməkçisi ədliyyə kapitanı Seymur Məhərrəmov və nəzarətçi, ədliyyə giziri Ramiz Əlifov cərimə təcridxanasının kamerasının qapısını açarkən həmin məhkumlar əvvəlcədən çarpayıdan qopardıqları dəmir parçaları ilə qəflətən əməkdaşlara hücum edərək onlara bədən xəsarətləri yetirmişlər. Əməkdaşlar tərəfindən görülmüş tədbirlər nəticəsində məhkum F.Dadaşov saxlanılaraq cərimə təcridxanasına aparılmış, məhkum F.Fərəcov müəssisə ərazisindən qaçmağa nail olmuşdur.
Məhkum F.Fərəcovun dərhal tutulması məqsədi ilə əməkdaşların tədbirlərdə iştirakından istifadə edən F.Dadaşov nəzarətsiz qalaraq yastıq üzlüyü vasitəsilə özünü asaraq intihar etmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum F.Fərəcov saxlanılmışdır.
Faktla bağlı cinayət işi başlanmışdır, araşdırma aparılır.