DÜNYA
Pentaqon Meksika ilə sərhəddə səddin tikintisi barədə müqavilələr imzalayıb
Bakı, 10 aprel, AZƏRTAC
Pentaqon ABŞ-ın Meksika ilə sərhədində səddin tikintisi barədə iki şirkətlə təxminən1 milyard dollarlıq müqavilələr imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 789 milyon dollarlıq müqavilələrdən biri Texasın “SLSCO Ltd” kompaniyası ilə imzalanıb. Həmin vəsait Nyu-Meksika ştatında yerləşən Santa-Tereza şəhəri rayonunda səddin inşasına yönəldiləcək. “Barnard Construction Co. Inc.” Kompaniyası ilə imzalanmış 187 milyon dollarlıq digər müqaviləyə əsasən Arizona ştatının Yuma şəhəri rayonunda sədd tikiləcək.
Hər iki sifariş üzrə inşaat işləri 2020-ci ilin payız aylarında başa çatmalıdır.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp konstitusiyaya əsasən büdcənin bütün xərclərini təsdiq etməli olan konqresdən yan keçərək sədd tikintisinə 6,4 milyard dolları yönəltmək üçün sərhəddə fövqəladə vəziyyət rejimi elan etmişdi. Həmin qərar barədə artıq məhkəmələrə şikayət edilib.