İQTİSADİYYAT
“Petkim” 2013-cü ilin birinci yarısında 5,5 milyon türk lirəsi həcmində mənfəət əldə etmişdir
Bakı, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki ən böyük aktivi olan “Petkim” neft-kimya holdinqinin 2013-cü ilin birinci yarısı üçün maliyyə yekunları açıqlanmışdır.
ARDNŞ-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Petkim” ilk yarımildə 5,5 milyon türk lirəsi həcmində mənfəət əldə etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən 586 faiz artan ümumi mənfəət göstəricisi 5,6 faiz gəlirlə 107 milyon türk lirəsi olmuşdur.
“Petkim”in baş direktoru Sadəddin Qorqud ilk yarımildə satış həcmində artım qeydə alınmadan mənfəət əldə edilməsinin sevindirici hal olduğunu bildirmişdir.
Onun sözlərinə görə, əsas hədəf davamlı mənfəətin əldə edilməsidir. “Petkim”in baş direktoru ilin ikinci yarısında sektorda tələbatın artacağını gözlədiklərini, müştəri və bazar tələblərinə görə dinamik istehsal planlaşdırdıqlarını söyləmişdir. O, istehsal və xidmət keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılmasının, istehlakçıların tələbatlarının ödənilməsinin şirkətin əsas hədəflərindən olduğunu vurğulamışdır.