ELM VƏ TƏHSİL
Plagiatlıqla mübarizəyə həsr olunan məqalə nüfuzlu jurnalda dərc edilib
![Plagiatlıqla mübarizəyə həsr olunan məqalə nüfuzlu jurnalda dərc edilib](/files/2021/2/1200x630/1626440349455259986_1200x630.jpg)
Bakı, 16 iyul, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və Rasim Mahmudovun həmmüəllif olduqları “Plagiarism in Azerbaijan: Problems and Solutions” adlı məqalə “Information Ethics” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycanda plagiatlıqla mübarizə problemlərinə həsr olunub. Məqalədə bu problemlərin həlli üçün milli elektron kontentin formalaşdırılması və milli antiplagiat sisteminin yaradılmasının zəruriliyi əsaslandırılıb. Bununla yanaşı, müvafiq kontentin formalaşdırılması üçün vacib olan tədbirlər göstərilib, milli antiplagiat sisteminin konseptual modeli təklif edilib. Həmçinin plagiatlıqla mübarizənin hüquqi, ictimai qınaq və maarifləndirmə metodlarının tətbiqinə dair tövsiyələr işlənilib, Azərbaycanda plagiatlığa yol açan sosial-psixoloji amillər analiz olunub və onların aradan qaldırılması yolları təklif edilib.
Qeyd edək ki, ABŞ-ın “McFarland” nəşriyyatı tərəfindən çap olunan “Information Ethics” jurnalı “Scopus” bazasında indeksləşir.