İDMAN
Portuqaliyalı idmançıların Avropa Oyunlarındakı uğurları bu ölkədə böyük sevinclə qarşılanır
![Portuqaliyalı idmançıların Avropa Oyunlarındakı uğurları bu ölkədə böyük sevinclə qarşılanır](/files/2015/2/1200x630/14344704486022518818_1200x630.jpg)
Lissabon, 16 iyun, AZƏRTAC
“Bakı-2015” Portuqaliya mətbuatının da diqqət mərkəzindədir. Xüsusilə bu ölkədən yarışlara qatılmış 103 atlet və onların uğurları idman xəbərlərinin əsas mövzusuna çevrilib.
Stolüstü tennis idman növündə portuqaliyalı idmançıların qızıl medallar qazanması ölkədə böyük sevinclə qarşılanıb. Portuqaliyanın tanınmış idman jurnalistlərindən olan Riberio Kristobao bu mövzuda yazdığı məqalədə qeyd edir: “Üç gəncimiz - Con Cerard, Tyaqo Apoloniya və Freytas Marko Portuqaliya tennisində heç vaxt olmayan nailiyyət əldə ediblər. Bu qəhrəmanlar Azərbaycanda, Bakıda keçirilən I Avropa Oyunlarında qızıl medallar qazanıblar. Çox sağ olun!”
Portuqaliya Stolüstü Tennis Federasiyasının prezidenti Pedro Migel isə “A Bola” televiziyasının canlı efirində qonaq olaraq Bakıdakı yarışlardan və idmançılarının qələbəsindən danışıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon