İQTİSADİYYAT
Postpandemiya dövründə Azərbaycan turizminin inkişaf imkanları Beynəlxalq Forumda təqdim ediləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə təşkil olunacaq AİB-Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda təqdimatla çıxış etməklə bağlı dəvət alıblar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu ilin noyabr ayında keçirilməsi planlaşdırılan forum post-COVID-19 dövründə turizm sənayesinin iqtisadi potensialının açılması (Unlocking the Economic Potential of Tourism Industry post COVID-19) mövzusuna həsr edilib.
Qeyd edək ki, bu forum Asiya regionunda beyin mərkəzləri arasında keçirilən ən nüfuzlu tədbirlərdən biridir və beynəlxalq auditoriyaya malikdir. İİTKM-nin əməkdaşları Ramil Hüseyn, Rəşad Hüseynov və Ayaz Müseyibov koronavirus pandemiyasının Azərbaycanın turizm sektoruna vurduğu zərər və postpandemiya dövründə turizmin inkişaf imkanları ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edəcəklər. Həmçinin təqdimatda turizm sektorunun inkişaf perspektivləri iqtisadi multiplikatorlar vasitəsilə müəyyən edilən nəticələr açıqlanacaq və müvafiq olaraq bu istiqamətdə görüləcək tədbirlərlə bağlı təkliflər irəli sürüləcək.