SİYASƏT
“PR Newswire” təşkilatının saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirilmişdir
London, 21 mart (AZƏRTAC). Dünyanın aparıcı mətbuat orqanları üçün informasiya mənbəyi olan “PR Newswire” təşkilatının Böyük Britaniyada fəaliyyət göstərən saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə rəsmi Bakının beynəlxalq hüququn norma və prinsiplərinin Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal altında saxlanmasına münasibətdə də tətbiq olunmasını tələb etdiyi bildirilmişdir.
Yazıda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Avropa təşkilatlarına ünvanladığı məktubundan bəhs edilmişdir. Məktubda diqqətə çatdırılmışdır ki, beynəlxalq hüquq hər ölkə üçün fərqli şəkildə tətbiq edilməməlidir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinə Ermənistan tərəfindən əməl edilməməsinə baxmayaraq, bu ölkəyə heç bir sanksiya tətbiq olunmur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının humanitar fəlakətlə üzləşdiyini diqqətə çatdıran E.Süleymanov dünya birliyinin Azərbaycana da dəstək göstərməsinin vacib olduğunu bildirmiş, Avropa təşkilatlarını beynəlxalq hüququn ərazi bütövlüyü ilə bağlı prinsiplərinə dünyanın hər tərəfində sadiq qalmağa çağırmışdır. Bunun Avropa İttifaqının dəyərlərinə hörmətin bir nümunəsi olacağı vurğulanmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London