DÜNYA
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə “İlk evim, ilk iş yerim” şüarı ilə keçirilən ən böyük sosial əmlak layihəsinin təməlini qoyub
![Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə “İlk evim, ilk iş yerim” şüarı ilə keçirilən ən böyük sosial əmlak layihəsinin təməlini qoyub](/files/2022/3/1200x630/1666701727631546411_1200x630.jpg)
Ankara, 25 oktyabr, AZƏRTAC
Türkiyə hökuməti tərəfindən ölkə tarixinin ən böyük sosial əmlak layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də “İlk evim, ilk iş yerim” adlı layihə çərçivəsində inşa ediləcək ilk tikintilərin təməlqoyma mərasimi keçirilib.
Əvvəlcə ətraf mühit və şəhərsalma naziri Murat Kurum Türkiyəni əhatə edən layihənin tarixi əhəmiyyəti barədə geniş məlumat verib.
Ankaranın Silcan rayonundakı mərasimə qatılan Türkiyə Prezidenti çıxışında sözügedən layihənin əhəmiyyətindən bəhs edərək əminliklə vurğulayıb ki, yeni mənzillərin inşası fövqəladə hadisələrə dair riskləri aşağı salacaq. Dövlət başçısı bildirib ki, yeni layihə çərçivəsində inşa ediləcək mənzillər bir tərəfdən insanların rahatlığını təmin edəcəksə, digər bir tərəfdən də Türkiyədə ailə mədəniyyətinin təməl prinsiplərini qorunmasına öz müsbət təsirini göstərəcəkdir.
“İlk evim, ilk iş yerim” adlı layihə çərçivəsində ilkin mərhələdə 17 vilayət üzrə sosial təmayüllə inşa ediləcək 5 min 615 mənzilin təməli qoyulub.
Xatırladaq ki, “İlk evim, ilk iş yerim” adlı layihə çərçivəsində 2023-2028-ci illərdə Türkiyədə ümumilikdə 500 min sosial ev, 250 min yaşayış sahəsi və 50 min iş yeri tikilməsi nəzərdə tutulur.
Qarşıdakı iki ildə 250 min mənzilin, 2028-ci ilə qədər isə, evlərin qalan hissəsi tikiləcək və nəticədə 500 min mənzil tam istifadəyə veriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara