CƏMİYYƏT
Professor: COVID-19 keçirən 4 xəstədən yalnız 1-i hospitalizasiyadan sonra tam sağalır
![Professor: COVID-19 keçirən 4 xəstədən yalnız 1-i hospitalizasiyadan sonra tam sağalır](/files/2023/2/1200x630/16869227425888860652_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
Koronavirus 200-dən çox ağırlaşmalara səbəb ola bilər. COVID-19 keçirən 4 xəstədən yalnız 1-i hospitalizasiyadan sonra tam sağalır. Post-COVID sindromu (Post-COVID-19 syndrom) və ya uzunmüddətli COVID (Long COVID) koronavirus infeksiyası keçirmiş insanların 20 faizində rast gəlinir və 2021-ci ilin əvvəlində Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışında (XBT-10) post-COVID sindrom ayrıca bir diaqnoz kimi təqdim edilib.
AZƏRTAC Azərbaycan Pediatrlar Assosiasiyasına istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyeva “Post-COVID sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” adlı elmi konfransda deyib.
Professor məruzəsində pandemiyanın üç mərhələsindən bəhs edib: birinci mərhələ COVID-19 pandemiyası, ikinci mərhələ COVID-19 pandemiyasından antibiotiklərə qarşı rezistentliyin əmələ gəlməsi, üçüncü mərhələ COVID-19-dan sonra yaranan post-COVID sindromuna qədər.
Alim post-COVID sindromun ehtimal olunan əlamətlərindən virusun özünün neqativ təsiri, autoimmun reaksiyalar, qan damarlarının zədələnməsi, qan dövranı, bütün orqan və sistemlərin fəaliyyətinin pozulaması və ağır psixoloji stres kimi əlamətləri sadalayıb.
Post-COVID sindrom zamanı hansı reabilitasiyanın tələb olunduğu sualına gəldikdə isə məruzəçi hazırda bu sindromu olan xəstələrin reabilitasiyası üçün praktik olaraq heç bir təlimatın, elmi əsaslandırılmış proqramın olmadığını və bu sindromdan əziyyət çəkən xəstələrin sağalması üçün mütəxəssis reabilitoloqların çatışmadığını vurğulayıb.