PROKURORLUĞA İŞƏ QƏBULLA BAĞLI TEST İMTAHANI BEYNƏLXALQ STANDARTLARA UYĞUN KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 31-də Azərbaycan Texniki Universitetində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və respublika Baş Prokurorluğu Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün növbəti test imtahanı keçirmişlər. Prokurorluq orqanlarında 150 ştat vahidi üzrə elan olunmuş müsabiqədə iştirak etmək üçün 2007-ci il dekabrın 15-dən 2008-ci il martın 15-dək müraciət etmiş şəxslər sırasından sənədləri qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən 368 gənc hüquqşünas müsabiqədə iştirak etmək hüququnu qazanmışdır.
Baş Prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov bildirmişdir ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız test imtahanı vasitəsilə həyata keçirilir. Bu günədək prokurorluğa işə qəbulla bağlı 6 müsabiqə elan edilmişdir. Həmin müsabiqələrin nəticələri üzrə 214 nəfər gənc hüquqşünas prokurorluğa işə qəbul olunmuşdur. Bunlar prokurorluğun ştat vahidinin 18 faizini təşkil edir. Bugünkü imtahan 150 vakant yer üçün keçirilir və onlar tutulandan sonra prokurorluqda işləyənlərin 30 faizini, başqa sözlə, təqribən hər 3 nəfərdən birini test imtahanlarından keçmiş şəxslər təşkil edəcəkdir.
Test imtahanında namizədlərə 100 sual verildiyini söyləyən komissiya sədri vurğulamışdır ki, 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir. Bu sualların hər biri 1 balla qiymətləndiriləcəkdir. 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyənləşdirməyə xidmət edir. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0,5 bаllа qiymətləndiriləcəkdir. Təklif olunan sullar üzrə 90 bal toplamaq mümkündür. 60-dan yuxarı bal toplamış namizəd növbəti yazılı mərhələyə buraxılacaqdır. Ümumilikdə imtahan 3 mərhələdən - test, yazılı imtahan və şifahi söhbət mərhələlərindən ibarətdir.
2007-ci ilə qədər prokurorluğa işə qəbulda yalnız test və yazılı imtahan verildiyini deyən Namiq Əsgərov bildirmişdir ki, həm Avropa ekspertlərinin tövsiyələri, həm də qəbul qaydalarına dəyişiklik edilmək zərurəti nəzərə alınaraq 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu sıraya ixtisas imtahanları da əlavə olunmuşdur. Yazılı imtahan 50 balla qiymətləndirilir və 30 bal toplamış namizəd növbəti mərhələyə keçir. Şifahi söhbət mərhələsində isə 40 bal toplamaq mümkündür. Bunun 20-ni toplamış namizəd prokuroluğa işə qəbul ediləcəkdir.
Aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq standartlara uyğun keçirilən imtahan dövlət qurumlarının, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, beynəlxalq, qeyri-hökumət və digər təşkilatların nümayəndələri tərəfindən müşahidə edilmişdir.
Kütləvi informasiya vasitələrinə imtahanın bütün mərhələlərini izləmək üçün lazımi şərait yaradılmışdı.
Saat 13.00-da başa çatan imtahanın nəticələri namizədlərin və müşahidəçilərin iştirakı ilə imtahan zalında optik oxuyucu qurğu vasitəsilə kompyuterin yaddaşına daxil edilmiş, ballar hesablanmış və elan olunmuşdur. Namizədlərdən 192 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə ) növbəti mərhələyə buraxılmışdır. İmtahanda ən yüksək nəticə 87 bal olmuşdur.
Məlumat verilmişdir ki, imtahandan keçənlər, onların topladıqları ballar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və respublika Baş Prokurorluğunun internet sayıtlarında (www.tqdk.gov.az, www.genprosecutor.gov.az) yerləşdirilmişdir.
Xatırladaq ki, namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədi ilə Аzərbаycаn Rеspublikаsı Baş Prоkurоrluğu tərəfindən 1009 suаldаn ibаrət tеst toplusu hazırlanmış və TQDK tərəfindən çap olunaraq namizədlərə paylanmışdır.
Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə mətbuatda əlavə məlumat veriləcəkdir.
######
