ELM VƏ TƏHSİL
Qabaqcıl məktəblərin təcrübəsi öyrəniləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərən ümumtəhsil məktəblərinin təcrübəsinin öyrənilməsi nəzərdə tutulmuşdur.
BŞTİ-dən AZƏRTAC-a bildirmişlər ki, bu işlə bağlı Təhsil İdarəsi müvafiq komissiya yaratmışdır. Komissiya üzvləri qabaqcıl ümumtəhsil müəssisələrinə gedəcək, onların müxtəlif istiqamətdə fəaliyyətləri, iş mexanizmləri ilə yaxından tanış olacaq, eyni zamanda, Bakının digər orta ümumtəhsil müəssisələrində həmin məktəblərin iş təcrübəsinin tətbiqinə və yayılmasına başlanılacaqdır.
Bununla yanaşı, aprel ayında təhsil müəssisələrində kadrların işə qəbulu zamanı sənədləşdirmə işlərinin aparılması vəziyyətinin öyrənilməsi, kadr sənədləşmələri işinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması nəzərdə tutulur. Həmçinin təhsil pillələri üzrə strateji təhlillərin aparılması və nəticələrə əsaslanan seminar, konfrans, müşavirə materialları, məlumatlar və perspektiv inkişaf proqramlarının hazırlanması da planlaşdırılmışdır.