İQTİSADİYYAT
Qadınların sahibkarlığa cəlb olunması üçün 1600-dən artıq layihə-tədbir proqramı həyata keçirilib
![](/files/galleryphoto/2022/1/1200x630/1650706429471712331_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16507064295159452516_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) ofisində olublar.
AQSİA-dan AZƏRTAC- bildirilib ki, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva assosiasiyanın fəaliyyətinin dövlət siyasətinə uyğun aparıldığını, qadınlarımızın regionda sahibkarlığı fəaliyyətinə cəlb olunması üçün 1600-dən artıq layihə-tədbir proqramının həyata keçirildiyini, hazırda sahibkar qadınlarımızın beynəlxalq arenada təmsil olunması üçün xarici assosiasiyalarla, ticarət palataları ilə danışıqların aparıldığını vurğulayıb.
AQSİA sədri, eyni zamanda Qarabağ üçün işğaldan sonrakı qayıdışda sahibkar qadınlarımızın yeni layihə təklifləri hazırladıqlarını, Qarabağın iqtisadi inkişafına töhfə vermək üçün bir çox istehsal sahəsinin yaradılmasına sərmayə qoymağa maraqlı olduqlarını bildirib.
Fikir mübadiləsində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev AQSİA-nın fəaliyyəti ilə dövlətin, cəmiyyətin məlumatlı olduğunu qeyd edib.
Görüşdə bildirilib ki, “QHT Ziyarətləri” davam edəcək və bu layihənin məqsədi QHT-lərin fəaliyyəti ilə daha yaxından tanış olmaqdır. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin hər zaman Agentliyin diqqət mərkəzində olacağı qeyd edilib.