CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsi Lənkəranda dindarlar arasında attestasiya keçirir
Lənkəran, 14 oktyabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsi ötən ilin avqustunda “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavələrdən sonra ilk dəfə olaraq şəhadətnamə almış bütün dini icmaların rəhbərlərinin seçimi məqsədilə attestasiya keçirir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də Lənkəran şəhərində Astara, Lənkəran, Lerik, Yardımlı rayonları dini icmaları nümayəndələrinin attestasiyası keçirilmişdir.
Tədbirin birinci günü 4 rayondan 150 nəfər attestasiyadan keçmək üçün Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayindəliyinə ərizə ilə müraciət etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə bildirmişdir ki, hər bir məsçidin axundu, imamı, şəriət üzrə müavini vəzifələrini tutmaq üçün dindarların, ilk növbədə, Quranın qiraəti, şəriət qaydaları haqqında məlumatlılığı yoxlanılır. İmtahan zamanı dini biliklərə yiyələnmiş ali təhsilli gənclərin seçiminə xüsüsi diqqət yetirilir.
Attestasiyanın nəticələri barədə Qafqaz Müsəmanları İdarəsi tərəfindən məlumat veriləcəkdir.
Bu cür tədbirlərin respublikanın bütün bölgələrində keçirilməsi nəzərdə tutulmuşdur. Birinci turda uğur qazana bilməyən dindarlara 3 ay vaxt veriləcəkdir.
Lənkəran şəhərində dindarların attestasiyası oktyabrın 14-də davam etdiriləcəkdir.
Oktyabrın 15-16-da isə Masallı rayonunda keçiriləcək attestasiyada ətraf rayonlardan olan dini icmaların nümayəndələrinin, imamların dini bilikləri yoxlanacaqdır.
Attestasiyadan müfəffəqiyyət qazananlara Qafqaz Müsəlmanları İdarəsinin vəsiqələri təqdim olunacaqdır.