CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin Bəyanatı
Bismillahir-rəhmanir rəhim!
Qafqaz Müsəlmanları İdarəsi son günlər yerli KİV-lərdə yayımlanan və dindarların etirazına səbəb olan qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məsuliyyətsiz çağırışları ilə bağlı aşağıdakıları bəyan edir:
Bu bir həqiqətdir ki, Allah-Təalanın mərhəməti sayəsində tarixinin ən məsuliyyətli dövründə Azərbaycan xalqının, dövlətimizin taleyi qüdrətli şəxsiyyətlərə həvalə olunmuşdur. Məhz Heydər Əliyev dühası Vətənimizi parçalanma və məhvolma təhlükəsindən xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini bərqərar etmişdir. Ulu öndərin xalqımızın uğurlu gələcəyi ilə bağlı ülvi arzularını həyata keçirmək missiyası isə möhtərəm dövlət başçımız İlham Əliyevə nəsib olmuşdur. Qədirbilən xalqımız bu siyasətin bəhrəsini görür və inşallah, hələ uzun müddət də görəcəkdir. Dünya şahiddir ki, bu gün dövlətimizin başçısının səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq, hər birimizin din, vicdan azadlığının etibarlı qarantıdır. Din-dövlət münasibətlərində yüksək səviyyənin təmini, milli mənəvi dəyərlərə və tarixi-dini abidələrə dövlət qayğısı istər ulu öndərin, istərsə də cənab İlham Əliyevin prezidentlik dövrlərini səciyyələndirən cəhətlərdəndir.
Vətəndaş həmrəyliyinə xələl gətirmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və vicdan azadlığı insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətdə zərərli meyillərə, parçalanma və qarşıdurma cəhdlərinə qətiyyən haqq qazandırmır.
Biz dindarlar bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etmiş ulu öndərimizin, dövlətimizi ən ali məqamlarda təmsil edən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərini inkar edən çağırışları heç bir vəchlə qəbul etmir və buna öz qəti etirazımızı bildiririk. Hesab edirik ki, bu, xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bundan məqsəd milli birliyimizi sarsıtmaq, sabitliyimizə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, olduqca təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal İslam adından sui-istifadə edən üzdəniraq təəssübkeşlər tərəfindən məqsədli şəkildə yaradılır. Başörtüyü məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanədir. Dindarlarımız nəzərə almalıdırlar ki, başörtüyünə dövlət tərəfindən qadağa qoyulmamışdır. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi başörtüyü ilə bağlı öz mövqeyini birmənalı şəkildə bildirmişdir. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi günahlara və zorakılığa çağırışa yol verməz. Dövlətimizin başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir. Necə ki, mübarək ayeyi-şərifədə buyurulur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (rəhbərlərə) itaət edin!...” (ən-Nisa, 59).
Biz dindarlar, dövlət mənafelərimizə, milli maraqlarımıza zidd olan bütün təhlükələrin qarşısının alınmasını olduqca vacib hesab edir, xalqımızı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırırıq.
Bir daha bəyan edirik ki, Azərbaycan dindarları, inşallah, heç bir zaman fitnələrə uymayacaq və öz dövlətçiliyinin qorunması yolunda bütün maneələri dəf edəcəklər. Allah köməyimiz olsun!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
8 yanvar 2011-ci il.