CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik etmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik etmişdir.
Təbrikdə deyilir: “Peyğəmbərlərin sələfi Həzrət İbrahim əleyhissəlamın yadigarı olan Eydül-Əzha - Qurban bayramı islam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Bəşər nəslinin Uca Yaradanına təqva və məhəbbətinin Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
Həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də Azərbaycan məscidlərində dualar edən mömin müsəlmanlar Vətənimizin taleyinin ən çətin anlarında bizə ulu öndər olmuş, millətimizi faciələrdən qurtarmış Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəqilliyimizi təmin etmək, xalqımızı firavan gələcəyə aparmaq, Azərbaycanın haqq işinin təntənəsi yolunda fəaliyyətinə yardımçı olmasını Allahdan arzulayırlar. İslami dəyərlərə sahib duran müdrik dövlətçiliyimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq.
Bu əziz gündə şəhidlərimizin ruhlarına rəhmət diləyərək, Allah-Taalaya torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün dualar edirik.
Qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlara yaşatmaq Allaha xoş gedən savab əməllərdəndir.
Müraciət bu sözlərlə bitir: Şeyxülislam olaraq Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə daim bərqərar olmasını diləyirəm. Allah-Taala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin!
Allah Qurban bayramınızı mübarək etsin!”