CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri özbəkistanlı həmkarı ilə görüşüb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarovu qəbul edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şeyxülislam Azərbaycanla Özbəkistan arasında tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması bu əlaqələrin daha da inkişafına töhfə verməkdədir.
İki ölkənin dini idarələri arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən şeyxülislam bu əməkdaşlığın səmərəli və davamlı olacağına inandığını deyib.
A.Paşazadə Özbəkistan Müsəlmanları İdarəsinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 2022-ci il oktyabrın 20-də Şuşada imzalanan əsasnaməsini tarixi sənəd adlandırıb, qurumun ötən ilin noyabrında Buxaradakı toplantısının təşkilinə görə müfti Nuriddin Xoliknazarova təşəkkürünü bildirib.
Müfti Nuriddin Xoliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını şeyxülislama çatdırıb. Azərbaycana hər gəlişində böyük inkişafın şahidi olduğunu vurğulayan qonaq ərazi bütövlüyünün təmin edilməsi münasibətilə xalqımızı təbrik edib.
Görüş zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri, TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurası çərçivəsində görüləcək işlər barədə müzakirə aparılıb.