CƏMİYYƏT
“Qarabağ gecəsi” xeyriyyə konsertinin iştirakçıları təltif olunub
Bakı, 25 iyul, AZƏRTAC
“Qarabağ gecəsi” xeyriyyə konsertinin iştirakçıları təltif olunublar.
Qarabağ Dirçəliş Fondundan AZƏRTAC-a bildiriblər ki, konsertin bədii hissəsindən sonra təşkil olunan rəsmi ziyafət zamanı konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara mədəniyyət naziri Anar Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, QDF-in Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli tərəfindən Fondun “Təşəkkür sertifikatı” təqdim edilib.
Xatırladaq ki, konsertdən əldə edilən vəsait işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.