İQTİSADİYYAT
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Şəkinin müvafiq qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər
Şəki, 31 yanvar (AZƏRTAC, M.Dadaşov). Hava şəraitinin kəskin soyuması, qarlı və şaxtalı hava şəraiti ilə ilə əlaqədar Şəkinin müvafiq dövlət qurumları və xidmət təşkilatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
AZƏRTAC xəbər verir ki, yolların buz bağlaması səbəbindən yanvarın 31-də səhər saatlarında şəhər daxilində və kəndlərarası avtomobil yollarında nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranmışdı. Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyinin, 15 saylı yol istismar idarəsinin və digər dövlət qurumlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə şəhərin küçələri, magistral və kəndlərarası avtomobil yolları qardan və buzdan təmizlənmiş, bütün istiqamətlərdə nəqliyyatın normal hərəkəti təmin edilmişdir.
Şəhər icra hakimiyyətindən bildirmişlər ki, dağlıq ərazilərdə yerləşən bir neçə kəndin elektrik enerjisi ilə təminatında qısa fasilələr yaransa da, görülmüş operativ tədbirlər nəticəsində qəzalar aradan qaldırılmış və kəndlərə enerjinin verilməsi bərpa olunmuşdur. Hazırda rayonun yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla təchizatında heç bir problem yoxdur. İdarə, müəssisə və təşkilatlar, təhsil müəssisələri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.