İQTİSADİYYAT
Qars valisi “Marmaray” layihəsinin Bakı-Tbilisi-Qars dəmir yolu tamamlandıqdan sonra beynəlxalq dəyərə malik olacağını bildirmişdir
İstanbul, 6 noyabr (AZƏRTAC). Qars valisi Eyüp Tepe jurnalistlərə müsahibəsində “Marmaray” layihəsinin beynəlxalq əhəmiyyətinin Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) tamamlanmasından sonra artacağını bildirmişdir. Onun sözlərinə görə, BTQ layihəsi olmadan “Marmaray” yalnız Qarsa qədər uzana bilər.
BTQ layihəsinin 2014-cü ilin iyun ayında başa çatacağını qeyd edən vali demişdir ki, bir müddət maliyyə böhranı yaşayan Gürcüstanda işlərin yubanmasını da Azərbaycan aradan qaldırmışdır. Rəsmi Bakı BTQ dəmir yolunun tez bir zamanda istifadəyə verilməsi üçün üzərinə düşən bütün işləri görməklə yanaşı, qonşu ölkəyə də yardımını əsirgəməmişdir. Məhz Azərbaycanın dəstəyi ilə Gürcüstan və Türkiyə arasında olan 4 min 500 metrlik tunelin 2000 metrlik hissəsinin tikintisi uğurla davam edir.
BTQ dəmir yolunun Qars və bütün Türkiyə iqtisadiyyatına yeni nəfəs verəcəyini vurğulayan E.Tepe demişdir ki, logistika mərkəzinin yaradılması istiqamətində də işlər aparılır. Belə ki, Qarsdakı sənaye bölgəsinə 4,5 kilometr dəmir yolu xətti də çəkiləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul