DÜNYA
Qarşılıqlı səfərlərin şərtləri haqqında Türkiyə-Rusiya sazişi qüvvəyə minir
Bakı, 1 aprel (AZƏRTAC). Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti vətəndaşlarının qarşılıqlı səfərlərinin şərtləri haqqında Rusiya Federasiyası Hökuməti və Türkiyə Cümhuriyyəti Hökuməti arasında 2010-cu ildə imzalanmış Saziş aprelin 16-da qüvvəyə minəcəkdir.
RF XİN İnformasiya və Mətbuat Departamenti bildirir ki, həmin Sazişə müvafiq olaraq etibarlı sayılan ümumi vətəndaş pasportları, xidməti (xüsusi) pasportları olan Rusiya və Türkiyə vətəndaşları gəlmə tarixindən etibarən 30 gün müddətində digər dövlətin ərazisinə vizasız gəlmək, oradan getmək, tranzitlə keçmək və həmin dövlətin ərazisində qalmaq hüququna malikdirlər. Bu halda hər 180 günlük dövr ərzində başqa dövlətin ərazisində olmağın ümumi müddəti 90 gündən çox olmamalıdır.
Bir dövlətin vətəndaşları digər dövlətin ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq, yaxud təhsil müəssisələrində oxumaq və ya 30 gündən artıq orada qalmağı tələb edən başqa məqsədlərlə həmin dövlətin ərazisinə gəldikdə, onlar yuxarıda sadalanan sənədlərlə yanaşı, gəldikləri dövlətin qanunvericiliyinə uyğun olaraq verilən vizaya malik olmalıdırlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva