REGİONLAR
Qaxda “KOB Dostu” ofisi fəaliyyətə başlayıb
![](/files/galleryphoto/2022/2/1200x630/1658494553203117283_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584945538856614_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584945533178011838_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584945532403139332_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1658494553250426996_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584945534090563504_1200x630.jpg)
Qax, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir. Növbəti belə görüş iyulun 22-də Qax rayonunda təşkil olunub. KOBİA və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə Qax və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə sahibkarlarla bizneslərinin inkişafı üçün ehtiyacları müzakirə edilib, təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin KOBİA-nın Qax rayonu üzrə Kiçik və Orta Biznesin dostu - KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostudur. Hazırda KOB dostları ölkənin 35 şəhər və rayonunda fəaliyyət göstərirlər.
Qax rayonu üzrə KOB dostu ofisi rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək. Bu məqsədlə KOB dostu sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma, sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində müvafiq tədbirlər həyata keçirəcək, dəstək və xidmətlər göstərəcək.
Görüşdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elbrus Tağıyev rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə danışıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, sahibkarları KOB dostu ilə sıx əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.