İQTİSADİYYAT
“Qaz İxrac” İdarəsinin laboratoriyası AZS İSO/İES 17025:2009 akkreditasiyasından keçmişdir
Bakı, 23 aprel (AZƏRTAC). ARDNŞ-in qaz həcmlərinin xarici bazarlarda satışını həyata keçirən “Qaz İxrac” İdarəsinin Səngəçal Baş Qurğuları qazın keyfiyyət göstəricilərinin təyini laboratoriyası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dövlət akkreditasiya xidməti tərəfindən AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləşmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər” standartına uyğun akkreditasiyadan uğurla keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beləliklə də qazın keyfiyyət göstəricilərinin təyini laboratoriyası fəaliyyətini respublikamızda dövlət reyestrində qeydiyyata alınan akkreditasiya attestatına malik ilk laboratoriya kimi davam etdirəcəkdir.
Xatırladaq ki, “Qaz İxrac” İdarəsi indiyədək fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına da layiq görülmüşdür.